


Oktyabrın
12-də saat 13:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının
“Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi
yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən
1 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam
qapadılmaqla sərhəd pozucusu təqib edilib, ərazidə axtarış tədbirləri
keçirilib. Axtarış nəticəsində qamışlıqda gizlənən 1 nəfər sərhəd pozucusu
saxlanılıb.
Sərhəd pozucusu yaxalanarkən sərhəd naryadına müqavimət göstərib, üzərində
olan soyuq silahla sərhəd naryadına hücum edərək xəsarət yetirib. Hərbi
qulluqçuya dərhal təxirəsalınmaz tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.
Hadisə yerinə baxış zamanı 1 ədəd bağlamada 790 qram marixuana, 105 qram
heroin, 100 qram kristal formalı narkotik vasitə aşkar olunub.
Sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşdirilib, Tərtər rayonunun sakini
1990-cı il təvəllüdlü Yadigarov Etibar Əvəz oğlu olması məlum olub.
Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri
həyata keçirilir.
ARB 24