


İyunun
26-da Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməli qoyulub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Prezidentin
İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına görüləcək işlər barədə
məlumat verdi.
Bildirildi
ki, istifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı
xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95
milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr
dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
Azərbaycan
Prezidenti İlham Əliyev Kəlbəcər “İstisu” mineral su zavodunun təməlini qoydu.
Qeyd
edək ki, “İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə
görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama
çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis,
nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların
suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində
istifadə edilir.
Statistikaya
görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın
rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393
kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin
payına düşür.