


Bu gün Füzuli şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edildiyi gündür.
2020-ci ilin oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan edib.
Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi işğalçılardan təmizlənib.
Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçıb. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun Cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilib.