


Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının
96-cı ildönümüdür.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində
anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan
Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə
daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili
yarımçıq qalmışdır
Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə
müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən
isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki
Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə
isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi
orqanlarında iyirmi beş il çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR
Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci
ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il
iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci
katibi seçilərək respublikanın rəhbəri olmuşdur.
1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu
üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni
həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir.
Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin
deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində
çalışmışdır.
1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi
Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə
etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.
Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi
qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla
çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və
icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü
siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə
etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist
Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra
isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat
seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri,
Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində
çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində
keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir.
1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində
ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi
yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli
sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli
oldu.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş,
iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır.
Heydər Əliyev 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir.
1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan
Respublikasının Prezidenti seçilmişdir. Öz namizədliyinin növbəti prezident
seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış
problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan
imtina etmişdir.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə
olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri
xiyabanda dəfn olunmuşdur.
Mətn www.heydar-aliyev-foundation.org saytından
götürülüb.
ARB 24