


Azərbaycanın
Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 27 il ötür.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq
Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci
ildə işğal olunub.
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra
Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır
artilleriya silahlarından atəşə tuturdu.
1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən
və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın
18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin
böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin
əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı
silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz
qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da
qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan
iqtisadiyyatına ciddi ziyan vurdu.
İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən
artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən
artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində
yaşayır.
Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib.
Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30
rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv
edilib.
54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi,
Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların
sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət
qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin
eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80
min ABŞ dollarına satılıb.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini
kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun
təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən,
Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini
apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam
etdirir.
Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası
1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri
qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi
bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi
olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal,
qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan
ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.
Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat
kilometr ərazisi olan rayonun 121 kəndi var.
ARB 24