


Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər
Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.
Qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti
Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun
üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını dedi.
Əvvəlki illərdə Elmlər akademiyaları arasında birgə səmərəli əməkdaşlığın həyata
keçirildiyini qeyd edən Aleksandr Sergeyev sonrakı dövrlərdə elmi əlaqələrin
qırıldığını vurğulayaraq indi bu əlaqələrin yenidən bərpa edilməsinin zəruriliyini
bildirdi. O, ölkəmizə səfərinin əsas məqsədinin bundan ibarət olduğunu diqqətə
çatdırdı.
Dövlətimizin başçısı elm sahəsində əvvəllər mövcud olan ənənəvi əlaqələrin
hazırkı dövr və gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı əsas
yaratdığını bildirdi. Rusiya elminin son illər əldə etdiyi nailiyyətlərə
toxunan dövlətimizin başçısı ölkələrimizin gələcək elmi əməkdaşlığı üçün yaxşı
potensialın olduğunu vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya
arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu
inkişafının elm sahəsində də əlaqələrin genişləndirilməsi və birgə layihələrin
həyata keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi. Dövlətimizin başçısı
Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin Azərbaycana səfərinin
ölkələrimiz arasında elmi əməkdaşlığın inkişafı və bu sahədə konkret addımların
atılması işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
ARB 24