


Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki
Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasimində iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva bu yaxınlarda həmin ziyarətgahda olarkən iftar
süfrəsinə dəvət edilmişdilər.
İftar mərasiminə toplaşanlar Azərbaycandakı sosial-iqtisadi inkişafa, əmin-amanlığa
görə təşəkkürlərini bildirdilər. Onlar Prezident İlham Əliyevin və Birinci
xanım Mehriban Əliyevanın ölkəmizim inkişafı istiqamətində gördükləri işləri
yüksək qiymətləndirdilər, belə mərasimlərin tezliklə Qarabağda da keçiriləcəyinə
əminliklərini ifadə etdilər.
Birinci vitse-prezident Mehriban Əliyeva Xəzər rayonunun sakinləri ilə görüşməkdən
şad olduğunu bildirdi, müqəddəs Ramazan ayında onların dualarının qəbul
olunmasını və Allah-Təalanın ölkəmizi hər zaman qorumasını arzuladı.
İftar mərasimində “Qurani-Kərim”dən ayələr və iftar duası oxundu.
Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu Ramazan ayı insanların qəlbini
nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək
aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini,
mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək
Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrələrinin təşkil edilməsi də
cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din
arasında sıx birliyin bariz nümunəsidir. Ramazanın önəmli mərasimlərdən biri
olan iftar süfrələrinin mənası, sadəcə, ehtiyacı olanlara yemək vermək deyil,
paylaşmaq, yaxınlaşmaq, birlikdə Allaha dua etməkdir. Azərbaycan dövləti çox
möhkəm milli dəyərlər üzərində qurulub. İslam dəyərləri isə milli dəyərlərimizin
ayrılmaz tərkib hissəsidir.
ARB 24