


Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Bakı Sərgi Mərkəzində XXVI
Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər
Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak edib.
Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi Endryu Vud sərgi-konfransın
26-cı ildönümünü nailiyyətlərlə qeyd etdiyini, Azərbaycana hər gəlişində burada
müsbət dəyişikliklərlə qarşılaşdığını bildirdi, sərginin işinə uğurlar
arzulayıb.
Sonra dövlət başçısı açılış mərasimində nitq söyləyib:
-Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Bu gün Xəzər Neft-Qaz Sərgisi öz işinə başlayır. Bu münasibətlə sizi təbrik
edirəm. Bu, çox əlamətdar hadisədir. Bu sərgi dünya miqyasında çox önəmli beynəlxalq
tədbirlərdən biridir.
Bu sərgi 26-cı dəfədir keçirilir və sərgiyə maraq azalmır. Çünki bu il sərgidə
30-dan çox ölkədən 300-ə yaxın şirkət iştirak edir və bu, çox gözəl göstəricidir.
İyirmi altı il ərzində sərgi dünyanın neft şirkətlərinin diqqətini cəlb edir.
Bu, onu göstərir ki, Azərbaycanın neft-qaz resursları bu gün və gələcəkdə
xarici şirkətlər üçün böyük maraq kəsb edəcək.
Mən birinci sərgini xüsusilə qeyd etmək istərdim. 1994-cü ildə keçirilmiş
birinci sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz
resursları haqqında dünyaya məlumat verdi. Çünki o vaxt Azərbaycan haqqında məlumat
çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini
yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı
haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin
cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli
rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı
bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və
ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri əlbəttə ki, təqdirəlayiq
bir haldır.
1994-cü ildə ilk sərgi keçiriləndə ölkəmizdə vəziyyət tam fərqli idi. Azərbaycan
çox ağır iqtisadi vəziyyətdə idi, siyasi müstəvidə sabitlik təzə-təzə bərpa
edilmişdi. Çünki müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır
keçmişdir. Vətəndaş müharibəsi, torpaqlarımızın işğal altına düşməsi, iqtisadi,
siyasi böhran demək olar ki, ölkəmizin inkişafına böyük zərbə vurmuşdu, ölkəmizin
inkişafı ilə bağlı aydın təsəvvür yox idi. Əlbəttə, zəngin neft-qaz
resurslarına malik olan ölkə üçün yeganə çıxış yolu sabitliyin bərpası və neft
resurslarından səmərəli istifadə edilməsi idi ki, sərmayə qoyuluşu gəlsin və
ölkəmizin iqtisadi potensialı artsın. 1994-cü ildə sərgidən yaranan mənfəət, o
cümlədən siyasi mənfəət bu gün də bizə imkan verir ki, həm neft-qaz
sektorumuzu, eyni zamanda, ümumiyyətlə ölkəmizi inkişaf etdirək.
Müasir neft siyasətimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz o, Azərbaycan
rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf
yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas
şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki
Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb
etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli”
neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox
böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə
görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın
imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və
eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın
çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il
bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə
olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli”
yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan
xalqına, dövlətinə xidmət göstərəcək.
Onu da bildirməliyəm ki, sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə
imzalanmış Sazişə də çox böyük dəstəyi olmuşdur. Çünki o Saziş məhz 1996-cı ildə
keçirilmiş sərgi zamanı imzalanmışdır. O vaxt “Şahdəniz” yatağına xarici
investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin
əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət
baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər
də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından
o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə
imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz
bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili
bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz”
bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının
mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi
icra edilir.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar
tarixi əhəmiyyət daşıyır. Ondan sonra da kontraktlar imzalanmışdır. Onların bəzilərinə
xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə
rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur.
Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz
sektorumuzun əsas hissəsini təşkil edir.
Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə
çıxmışdır və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi
layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən
sonra Azərbaycanın böyük ixrac imkanları olmuşdur və Xəzər dənizindən çıxarılan
neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə
başlanılmışdır.
“Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər
dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin
neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz
kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm
qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanmışdır. Onların bir
neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan
enerji resurslarımızı hasil edəcəyik.
Cənub Qaz Dəhlizinin reallaşması tarixi hadisədir. Bu, nəhəng infrastruktur
layihəsi həm ölkəmiz, həm də digər ölkələr üçün böyük əhəmiyyət daşıyır. Cənub
Qaz Dəhlizinin reallaşması üçün bir çox önəmli addımlar atılmışdır və əlbəttə
ki, burada beynəlxalq əməkdaşlıq xüsusi yer tutur. Çünki əgər genişmiqyaslı
beynəlxalq əməkdaşlıq olmasaydı, bu nəhəng layihəni icra etmək mümkün olmazdı.
2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış TANAP layihəsi Cənub
Qaz Dəhlizinin önəmli hissəsidir. Keçən il - düz bir il bundan əvvəl mayın
29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Beləliklə,
bu böyük layihənin icrası istiqamətində çox önəmli addımlar atılmışdır.
Bildiyiniz kimi, Cənub Qaz Dəhlizi dörd hissədən ibarətdir. Onlardan üçü artıq
reallaşıb, dördüncü layihə də uğurla icra edilir. Keçən il TANAP-ın istifadəyə
verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük
həcmdə ixrac etməyə başlamışdır. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşması
üçün çox önəmli şərait yaradılmış və addımlar atılmışdır.
Azərbaycan bir çox xarici enerji şirkətləri ilə uğurlu əməkdaşlıq aparır və bu əməkdaşlığın
böyük tarixçəsi var. Hər bir şirkətlə əməkdaşlıq aparmaq bizim üçün çox önəmlidir,
ancaq mən xüsusilə BP şirkətini qeyd etmək istərdim. Çünki BP şirkəti bizim
strateji tərəfdaşımızdır, strateji investordur. Biz 25 ildir ki, əməkdaşlıq
edirik. Bu əməkdaşlıq həm ölkəmiz, həm də şirkət üçün çox uğurludur. Hesab edirəm
ki, bu əməkdaşlıq nümunəvi xarakter daşıyır və bu əməkdaşlığın gözəl gələcəyi
var. Çünki qeyd etdiyim kimi, təkcə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən
azı 2050-ci ilə qədər aparılacaqdır. “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi
də bundan sonra onilliklər ərzində aparılacaqdır. Beləliklə, bizim strateji tərəfdaşlığımızın
çox gözəl perspektivləri vardır.
Biz bu layihələri əlbəttə ki, o cümlədən xarici maliyyə resurslarının hesabına
icra etdik. Həm öz vəsaitimizi qoyduq, eyni zamanda, beynəlxalq maliyyə
qurumlarından kredit şəklində vəsait aldıq. Bu münasibətlə bu qurumların Azərbaycana
dəstəyi haqqında danışmaq istərdim. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf
Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı – dünyanın bu aparıcı
maliyyə qurumları Cənub Qaz Dəhlizinin reallaşmasına öz maliyyə vəsaitini
ayırıb və beləliklə, layihənin icrası üçün çox önəmli dəstək vermiş olublar.
Eyni zamanda, bu kreditlərin ayrılması Azərbaycanın uğurlu gələcəyinə inamın təzahürüdür.
Biz bu layihənin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq
aparırıq. 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi
ilə əlaqədar Birgə Bəyannamə qəbul edilmişdir. Bizim təşəbbüsümüzlə hər il
Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirilir. Bu ilin fevral ayında
5-ci toplantı keçirilmişdir. Bu toplantılarda həm görülmüş işlərə yekun
vurulur, eyni zamanda, ən önəmlisi odur ki, görüləcək işlər haqqında danışılır.
Əlbəttə, biz əminik ki, bu nəhəng layihənin uğurla icra edilməsinə nail
olacağıq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə
resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır.
Mən bir qədər əvvəl beynəlxalq əməkdaşlıq haqqında fikirlərimi bildirdim. Bir
daha demək istəyirəm, çünki belə nəhəng layihələri biz ancaq beynəlxalq əməkdaşlıq
çərçivəsində həll edə bilərik. Çünki əgər o olmasa, o layihələri icra etmək
mümkün olmaz. Neft-qaz kəmərləri, investisiya qoyuluşu, beynəlxalq maliyyə
qurumlarının iştirakı və əlbəttə ki, birgə səylərimiz nəticəsində biz buna nail
ola bilmişik. Hesab edirəm ki, Azərbaycan bu məsələ ilə bağlı istədiyinə tam
nail ola bildi.
Sirr deyil ki, bu gün enerji təhlükəsizliyi məsələləri böyük əhəmiyyət daşıyır.
Enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir.
Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata
keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini
təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla
ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri
bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu
qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət
aparır.
Ölkə iqtisadiyyatı üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Çünki təsəvvür
edin, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı və Azərbaycan öz zəngin
neft-qaz resurslarını dünya bazarlarına ixrac etməsəydi, bizim iqtisadi vəziyyətimiz
tam fərqli ola bilərdi. Ona görə bu layihələr ölkə iqtisadiyyatına çox böyük təkan
vermişdir. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, kadr hazırlığı üçün
yeni imkanlar yaradılmışdır. Bu gün Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə
və neft-qaz əməliyyatlarında iştirak edənlərin mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Gözəl təlim və təhsil almış gənc Azərbaycan mütəxəssisləri bu gün ölkəmiz üçün
çox böyük işlər görürlər. Kadr hazırlığı, biznes mühitinin yaxşılaşdırılması,
beynəlxalq əməkdaşlıq – bütün bunlar bu layihələrin nəticəsində mümkün olmuşdur
və ölkəmizə böyük fayda vermişdir.
Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin
həlli – bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün
şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya
qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illər ərzində əsas
infrastruktur layihələrimizi icra etdik və bu istiqamətdə işlər davam
etdirilir. Həm yol tikintisi, həm qazlaşdırma, həm də elektrik enerjisi ilə
bağlı olan məsələlər Azərbaycanda uğurla icra edilir. Qazlaşdırma 95 faizə
çatıb. Əgər kifayət qədər qaz resurslarımız olmasaydı, bu, mümkün olmazdı. Yəni,
bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən
qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz
sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri
qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən
çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur,
sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli – bütün bunların
təməlində bizim uğurlu neft siyasətimiz dayanır. Bu gün isə ölkə qarşısında
duran əsas vəzifə neft-qaz amilindən asılılığı azaltmaq və qeyri-neft sektorunu
inkişaf etdirməkdir. Bu istiqamətdə də önəmli addımlar atılır. Dünya Bankının
son hesabatında biznes mühitinə görə Azərbaycan dünya miqyasında 25-ci yerdədir.
Yəni, bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində
çox önəmli addımlar atırıq. Eyni zamanda, bilməliyik ki, neft-qaz sektoru
bundan sonra da ölkə iqtisadiyyatında çox önəmli rol oynayacaqdır.
Mən bu gün Azərbaycan neftçilərinin əməyini qeyd etmək istərdim. Azərbaycanda
neftçi peşəsi həmişə böyük hörmətə malik olub, bu gün də bu, belədir. Azərbaycan
neftçiləri ölkəmizin uğurlu inkişafı üçün çox böyük işlər görürlər, qəhrəmanlıq
göstərirlər, ağır şəraitdə, dənizdə ölkəmizin qüdrətini artırırlar.
Bugünkü Azərbaycan reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. 1994-cü
ildə başlanmış və uğurla davam etdirilən neft-qaz siyasətimiz bu gün Azərbaycanın
reallıqlarını şərtləndirən əsas amillərdən biridir. Bu gün Bakı şəhəri dünyanın
ən gözəl şəhərlərindən biridir. Biz regional inkişaf proqramını uğurla icra
edirik. Əlbəttə, bundan sonra da çalışmalıyıq ki, büdcəmizi daha çox qeyri-neft
sektorunun hesabına təmin edək və buna yaxınlaşırıq. Ancaq onu da bilməliyik
ki, neft-qaz sektoru bizim üçün prioritet sektor olaraq qalacaqdır.
Mən sərginin keçirilməsi münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Sərginin
təşkilatçılarına təşəkkürümü bildirmək istəyirəm. Sərgiyə uğurlar arzulayıram.
Sağ olun.
ABŞ dövlət departamentinin enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin
birinci müavini Kent LoqsdonAzərbaycanın qlobal enerji bazarına, Cənub Qaz
Dəhlizi layihəsinin isə enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb. Bu
layihənin reallaşmasına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və digər tərəfdaşlara
təşəkkür edib. Kent Loqsdon daha sonra ABŞ Prezidenti Donald Trampın məktubunu
tədbir iştirakçılarına çatdırıb.
Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam Foks videomüraciətində
bildirib ki, Azərbaycan enerji müstəqilliyini təmin etmiş ölkədir. Azərbaycan
ilə Böyük Britaniya arasında dərinləşən əməkdaşlıq ölkələrimizə daha çox
iqtisadi faydalar verməkdədir. Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinə
böyük töhfə verir.
Sonra Prezident İlham Əliyev sərgi ilə tanış olub.
Sərgidə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR geniş təmsil
olunur. SOCAR-ın stendində neft emalı və neft-kimya, STAR neft emalı zavodu,
karbamid zavodu, SOCAR Polimer zavodu, Cənub Qaz Dəhlizi və perspektiv layihələr
barədə məlumat verilir.
Dövlətimizin başçısına burada SOCAR-ın neft-qaz-kimya kompleksi layihəsi
haqqında məlumat verildi. Layihənin əsas məqsədi ölkə əhalisini təmizlənmiş təbii
qazla təmin etmək və neft-kimya məhsullarını istehsal etməkdir. Qaradağ
rayonunun ərazisində reallaşdırılacaq bu layihə ildə 10 milyard kubmetr qaz
emalı, 600 min ton poletilen, 130 min ton propilen istehsal etməyə imkan verəcək.
Burada inşaat mərhələsində təqribən 15 min nəfər, istismar dövründə isə 2000 nəfər
çalışacaq. Məhsulların Türkiyə, Avropa, Çin və digər ölkələrə ixracı nəzərdə
tutlur. Zavodların 2023-cü ildə istismara verilməsi planlaşdırılır.
Bu il Neft daşlarının 70 illiyi tamam olur. Azərbaycan neft sənayesində Neft
daşları yatağının çox mühüm yeri var. İlk dəfə burada açıq dənizdə neft və qaz hasilatına,
estakada üsulu ilə yataq istismarına başlanılıb, yataqlara suvurma üsulundan
istifadə olunub. Neft daşları yatağında 70 il ərzində 175 milyon tondan çox
neft, 13,5 milyard kubmetr qaz hasil edilib, 1928 quyu qazılıb. Ötən il bu
yataqdan 945 min ton neft və 81,2 milyon kubmetr səmt qazı hasil olunub.
Hesablamalara görə, Neft daşlarında çıxarıla bilən 18,9 milyon ton neft
ehtiyatı var.
Stendə “Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı guşə yaradılıb. Ulu öndər Heydər
Əliyevin qətiyyəti və iradəsi sayəsində imzalanan müqavilə ölkəmizin həyatında
çox mühüm tarixi hadisəyə çevrildi. Bu il aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın
payına 279 milyon ton mənfəət nefti düşür. “Azəri-Çıraq-Günəşli” saziş sahəsindən
bu il aprelin 1-nə qədər 481,1 milyon ton neft və 156,2 milyard kubmetr qaz
hasil edilib. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 382,9 milyon ton
neft ixrac olunub.
Prezident İlham Əliyev BP-Azərbaycanın stendində də oldu. Dövlətimizin
başçısına burada AÇG-nin 25 illiyi ilə bağlı uğurlar və növbəti 25 illik plan
barədə məlumat verildi. BP-Azərbaycan ölkənin və Cənubi Xəzər regionunun
aparıcı əməliyyatçısı kimi fəaliyyət göstərir. Bu müddətdə BP təhlükəsiz və səmərəli
əməliyyatlar həyata keçirərək ölkənin bir sıra mühüm neft-qaz layihələrini
uğurla təhvil verib. Bu layihələrə “Azəri-Çıraq-Dərinsulu Günəşli” neft yatağı,
“Şahdəniz” qaz və kondensat yatağı, üç ixrac boru kəməri, həmçinin dayazsulu
“Abşeron” və “Şəfəq-Asiman” və D-230 geoloji-kəşfiyyat strukturları daxildir.
İndiyədək BP tərəfdaşları ilə birgə Azərbaycanın neft-qaz layihələrinə 72
milyard dollardan artıq sərmayə qoyub. BP-nin Azərbaycanda 2900-a yaxın yaxın
ixtisaslı işçisi var. Onların 90 faizi Azərbaycan vətəndaşlarıdır.
İtaliyanın SAİPEM şirkəti də sərgidə iştirak edir. Şirkət energetika və
infrastruktur sektorlarında iri layihələrin mühəndisliyi, qazma və tikinti işləri
sahəsində böyük təcrübəyə malikdir. SAİPEM ən yüksək texnologiyaları tətbiq
edir. Şirkət 60-dan çox ölkədə fəaliyyət göstərir.
Belarusun dövlət neft-kimya konserni olan Belnefttechim də sərgidə təmsil
olunur. Şirkət iqtisadi potensialına görə dünya bazarında öz yerini tutub. Müəssisə
neftin kəşfiyyatı, hasilatı, daşınması və emalı, eləcə də neft məhsullarının
satışı üzrə bütün prosesləri ehtiva edir. Konsernin həyata keçirdiyi fəaliyyətin
ən mühüm istiqamətlərindən biri də neft məhsulları, kimyəvi liflər və iplik
istehsalıdır.
İtaliyanın “Maire Tecnimont” şirkəti dünyanın aparıcı şirkətlərindən biridir.
Mühəndislik, satınalma və tikinti işlərini həyata keçirən və texnologiyaların
hazırlanması üzrə energetika, neft-qaz, neft-kimya, habelə infrastruktur layihələrində
dünyanın aparıcı müəssisələrindən biri olan bu şirkətin 40 ölkədə nümayəndəliyi
var. Şirkət Azərbaycanda həm də SOCAR-ın neft-kimya sənayesində reallaşdırdığı
“SOCAR Polymer” layihəsinə podratçı qismində cəlb edilib.
Dövlət başçısı Fransanın TOTAL şirkətinin stendinə də baxıb. Şirkət Azərbaycanda
kəşfiyyat-istehsalat fəaliyyətinə 1996-cı ildən başlayıb. 2012-ci ildə TOTAL Xəzər
dənizinin dərinliklərində Abşeron bloku ilə əlaqədar böyük bir kəşf edib.
2018-ci ildə TOTAL və SOCAR Abşeron yatağının operatoru olan birgə əməliyyat
şirkəti yaradıblar.
Norveçin “Equinor” beynəlxalq energetika şirkəti “Azəri-Çıraq- Günəşli”
yatağına sərmayə qoymaqla yanaşı, Azərbaycanda digər investisiya imkanlarını da
nəzərdən keçirir. Azərbaycana sərmayə qoyan ilk xarici neft şirkətlərindən biri
kimi “Equinor” şirkəti ölkəmizdə uzun müddətdir fəaliyyət göstərir. Şirkətlə
“Qarabağ” yatağı, “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsi üzrə əməkdaşlıqla yanaşı, bərpaolunan
enerji sahəsinin inkişafında birgə layihələrin həyata keçirilməsi də prioritet
istiqamətlərdəndir.
Ukraynanın “İnterpipe” şirkəti neft-qaz, elektrik istehsalı, mexanika və
konstruksiya sahələrində istifadə üçün nəzərdə tutulmuş polad boruların qlobal
miqyaslı istehsalçısıdır. Şirkətin məhsulları Ukrayna, MDB, Avropa, ABŞ və
Yaxın Şərq regionlarında yerləşən kommersiya ofisləri vasitəsilə dünyanın 80
ölkəsinə ixrac edilir.
ABŞ-ın “Hallibörton” şirkətinin əsası 1919-cu ildə qoyulub. Şirkət enerji sənayesi
üzrə dünyanın ən böyük istehsal və xidmət təchizatçılarından biridir. 80-dən
çox ölkədə fəaliyyət göstərən şirkət öz müştərilərinə yataqların istismarı ilə
bağlı xidmətlər təklif edir.
Rusiyanın 10 ən böyük neft-qaz şirkətlərindən biri olan “Russneft” də sərgidə təmsil
olunur. “Russneft”in hazırkı biznes modeli hasilata yönəlib. Şirkət Rusiyanın
bir regionunda, eləcə də MDB ölkələrində, o cümlədən Azərbaycanda perspektivli
layihələri uğurla həyata keçirir. “Russneft” müasir texnologiya və avadanlıqlar
sayəsində neft-qaz hasilatı üzrə nəhəng layihələrin işlənib hazırlanması və həyata
keçirilməsi baxımından böyük potensiala malikdir.
“Caspian Drilling Company” şirkətinin əsas məqsədi qabaqcıl dəniz qazma
operatoru olmaqla, ən yüksək səviyyədə quyu mühəndisliyi, kompleks layihə idarəetməsi
və qazma xidmətləri göstərməkdir. Şirkət fəaliyyətində texniki cəhətdən müasir
avadanlıqdan istifadə edir. “Caspian Drilling Company” yerli statusa malik
olmaqla, beynəlxalq standartlara uyğun fəaliyyət göstərir.
Azərbaycan şirkəti olan “Vertex” də sərgidə xidmətlərini təklif edir. Şirkətin əsas
iş fəaliyyəti elektrik və şəbəkə xətlərinin çəkilməsi, elektrik avadanlığı
istehsalı və quraşdırılması, metal məmulatlarının istehsalı, qaynaq və boruquraşdırıcı
işlər, modul tipli binaların hazırlanmasıdır.
Özbəkistanın “Uzbekneftegaz” şirkəti 200-dən çox şirkəti, o cümlədən 20 birgə
müəssisəni, 6 səhmdar cəmiyyəti və bir sıra digər qurumları birləşdirən müasir
korporasiyadır. Holdinqin hazırkı strukturu istehsal və texnologiyanın bütün mərhəllələrini
əhatə edən qarşılıqlı əlaqəli layihələri səmərəli idarə etməyə imkan verir.
ABŞ-ın “Schlumberger” şirkəti neft və qaz sahəsində neft yataqlarının
xarakterizə edilməsi, quyuların qazılması, hasilat və emal üzrə dünyanın
qabaqcıl texnologiya təchizatçısıdır. Şirkət yataqların kəşfiyyat-qazma işində,
boru kəmərinin və hidokarbonların bərpasında xidmətlərini təklif edir.
Avadanlıq və xidmətlərin ən geniş çeşidini sənayedə təmin edən bu qurum fəaliyyətində
innovativ həllərə üstünlük verir.
NİGAZ milli sənaye qrupu bir neçə şirkəti özündə birləşdirir. Şirkət fəaliyyətini
yüksək texnologiyalara əsasən qurub. Bu qrup neft emalı, neft-kimya müəssisələri
və digər aidiyyatı qurumlara qarşı kibertəhlükəsizliklə bağlı həlləri təklif
edir.
Çinin HUAWEI şirkəti də sərgidə təmsil olunur. İnformasiya və kommunikasiya
texnologiyaları infrastrukturunun və smart cihazların qabaqcıl dünya təchizatçılarından
olan HUAWEI dörd əsas sahədə inteqrasiya edilmiş həlləri təqdim edir. Bunlara
telekommunikasiya şəbəkələri, informaisya texnologiyaları, smart cihazlar və
bulud xidmətləri daxildir.
İngiltərənin “Worley” şirkəti layihələndirmə, təchizat və tikinti sahələrində
müvafiq təcrübə, habelə geniş çeşiddə əməliyyat, texniki xidmət, konsaltinq və
məsləhət xidmətlərini təqdim edir. Şirkət karbohidrogen, mineral, metal, kimyəvi
maddələr və infrastruktur sektorlarında yeni aktivlər yaradıb.
Sərgidə Almaniya 15 şirkətlə təmsil olunur. Bu ölkənin İqtisadiyyat Nazirliyi və
Alman maşınqayırma şirkətləri Assosiasiyasının dəstəyi ilə burada orta və kiçik
şirkətlərin məhsulları təqdim edilir. Bu şirkətlər qazma, nasos, təhlükəsizlik
texnikası, kəşfiyyat və hasilat üzrə ixtisaslaşan qurumlardır.
Prezident İlham Əliyev Türkiyənin TPAO şirkətinin stendində də olub. Qeyri-ənənəvi
kəşfiyyat, təbii qazın saxlanması, dərin su qatlarında kəşfiyyat, boru kəməri
ilə daşımalarda iştirak edən şirkət Yaxın Şərq, Afrika və Xəzər regionu kimi
bölgələrdə öz biznes portfelini genişləndirməkdədir. TPAO “Şahdənz”də 19, Cənubi
Qafqaz Boru Kəmərində 19, “Azəri-Çıraq-Günəşli”də 5,73, Bakı-Tbilisi-Ceyhanda
6,53 faiz paya malikdir.
Tanınmış beynəlxalq platforma kimi nüfuz qazanan və bölgəmizin neft-qaz sənayesinin
mühüm tədbiri olan bu sərgi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini
müzakirə etmək üçün mühüm platforma hesab edilir. Sərgidə iştirak edən şirkətlər
neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin
təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini,
platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik
sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edir.
Sonda dövlət başçısı sərgi və konfransın xatirə kitabını imzalayıb.
ARB 24