


Ötən gün Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttinin Ağdam rayonu istiqamətində Ermənistan silahlı qüvvələri
tərəfindən atəşkəs rejimi kobud şəkildə pozulub və snayperdən açılan atəş nəticəsində
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd
olunub.
"Xüsusilə qeyd etmək istərdik ki,
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə səfəri zamanı Ermənistan silahlı
qüvvələri tərəfindən törədilən bu qanlı əməl təxribat xarakteri daşıyır və
münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq məqsədinə xidmət
edir. İşğalçı Ermənistan rəhbərliyinin sözdə münaqişənin həlli üzrə sülh şəraitinin
yaradılması bəyanatlarının real və praktiki addımlarla müşayiət olunmadığını, əksinə
Ermənistanın təxribatçı fəaliyyəti ilə sülh danışıqlarına xələl gətirmək niyyətini
açıq şəkildə nümayiş etdirən bu qanlı əməl qəti qəbuledilməzdir və danışıqlar
prosesinə zərbə vurur. Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə
görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir", - deyə bəyanatda
vurğulanıb.
ARB 24