


Bu
gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər
Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan
edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan
dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər
Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və
qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən
xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın
mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi
qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa
çevrildi. O,
Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə
baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun
21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə
yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla
bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə
Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına
çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə
qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın
dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan
Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər
və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə
qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.