


Dövlət
İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və
AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, nəticələr Mərkəzin internet saytında yerləşdirilib.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar
("Azercell", "Bakcell", "Nar",
"Naxtel") vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə
bilərlər.
Qəbul olunanların siyahısı “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 7531 bakalavrdan 6506 nəfəri
respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul
olanlardan 2799 nəfəri dövlət sifarişi, 3707 nəfəri isə ödənişli
əsaslarla təhsil alacaqlar. Onlardan 4348 nəfəri ali təhsil müəssisələrinin
cari, 2158 nəfəri isə əvvəlki illərin məzunudur.
Bundan əlavə, incəsənət sahəsi üzrə 2 nəfər magistratura səviyyəsinin
müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2019-cu
il iyunun 27-dən iyulun 10-dək(şənbə və bazar günləri istisna olmaqla) tələb
olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə
qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və
qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
ARB 24