


Dövlət
İmtahan Mərkəzi (DİM) iyunun 23-də 2019/2020-ci tədris ili üçün Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər
üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.
İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir,
Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 46
binada aparılacaq. İmtahanların idarə olunmasına 173 imtahan rəhbəri və 1950 nəzarətçi-müəllim
cəlb olunacaq.
Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri,
mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında
abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb,
imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin
operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran
aparat"lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə
imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının
iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları,
giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə
İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyunun 14-dən
etibarən DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni
çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"
da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr,
onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlayacaq. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan
sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına
buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək
məqsədi ilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan
proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində
əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata
keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin
imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər
digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa
şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq
olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər
yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və
imtahan binasına buraxılmayacaqlar.
İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli
tapşırıqların cavabları "cavab vərəqi"ində nəzərdə tutulan müvafiq
yerlərdə, digər tapşırıqların cavabları isə "cavab kartı"ında qeyd
olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil
alınır.
İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə I qrupda
riyaziyyat, fizika və kimya fənləri üzrə, IV qrupda isə biologiya, kimya və
fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların
22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların
kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək
tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə
cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında
hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün
cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi)
abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. I-IV ixtisas
qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı
abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə
alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni
abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə
(maksimal bal - 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində
iştirak edəcəklər. Həm yaz, həm də yay qəbul imtahanlarında iştirak edənlər istədikləri
imtahan nəticəsini seçə bilərlər.
Məlumat üçün bildirək ki, imtahanda 24 028 abituriyentin iştirakı nəzərdə
tutulur. Onlardan 19 878 abituriyent I qrup üzrə, 4150 abituriyent IV qrup üzrə
imtahan verəcək.
Abituriyentlərdən 21 940 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 18 238, IV
qrup üzrə 3702 nəfər), 2088 nəfəri isə rus bölməsinin (I qrup üzrə 1640, IV
qrup üzrə 448 nəfər) məzunudur. Abituriyentlərin 13 788 nəfəri oğlanlar (I qrup
üzrə 12 786 nəfər, IV qrup üzrə 1002 nəfər), 10 240 nəfəri isə qızlardır (I
qrup üzrə 7092 nəfər, IV qrup üzrə 3148 nəfər). 21 720 nəfər cari ilin orta
ümumtəhsil məktəblərinin, 2049 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və
ya orta ixtisas təhsili olanlar da daxildir). 31 nəfər ali təhsil müəssisələrinin,
228 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 125 abituriyent
xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə
2004-cü ildəndir.
Bakı şəhərində 10 706, Naxçıvanda 598, Gəncədə 2473, Sumqayıtda 1586, Mingəçevirdə
1092, Şəkidə 1682, Bərdədə 905, Göyçayda 1157, Şirvanda 1244, Lənkəranda 1507,
Xaçmazda isə 1078 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də
akkreditasiyadan keçib.
ARB 24