


İyunun 26-da
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyində
yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Müdafiə naziri Zakir Həsənov burada aparılmış yenidənqurma və əsaslı təmir işləri
barədə məlumat verib.
Bildirilib ki, Cəmşid Naxçıvanski adına Hərbi Lisey 11 hektar ərazini əhatə
edir. Burada tikinti, təmir və yenidənqurma işləri 2018-ci ilin fevral ayında
başlanıb. Hərbi Liseyin ərazisində qərargah binası, kursant yataqxanası, tibb məntəqəsi,
hamam-camaşırxana-qazanxana kompleksi inşa edilib, eləcə də mövcud binalar əsaslı
təmir olunub və qurğular yerləşdirilib. Hərbi Liseydə sahəsi 1800 kvadratmetr
olan üçmərtəbəli yeni qərargah binası inşa olunub. Ərazidə geniş yaşıllaşdırma
işləri aparılıb, abadlıq tədbirləri görülüb. Binanın qarşısında Cəmşid
Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi yerləşir.
Liseyin ərazisində tibb məntəqəsi də inşa olunub. İkimərtəbəli 32 çarpayılıq tibb
məntəqəsində funksional diaqnostika, həkim, oftalmoloji kabinetlər,
laboratoriya, sarğı otağı, təxirəsalınmaz yardımın göstərilməsi üçün otaq, xidməti
otaqlar, palatalar və müasir yeməkxana yaradılıb. Buradakı şərait şəxsi heyətə
yüksək səviyyədə ixtisaslı tibbi yardımın göstərilməsinə imkan verir.
Hərbi Liseydə yaradılan qapalı idman kompleksində kursantların idmanla məşğul
olmaları üçün hərtərəfli imkanlar var. Kompleksdə trenajor, gimnastika zalları,
mini futbol, basketbol və voleybol oyunlarının keçirilməsi üçün meydança
yaradılıb.
Sonra dövlət başçısı Hərbi Liseydəki Heydər Əliyev Muzeyi ilə tanış olub. Hələ
sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının
yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin
təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey
yaradılıb. Ölkəmizə rəhbərliyinin bütün dövrlərində bu hərbi təhsil ocağına ən
yüksək səviyyədə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin
1998-ci və 2002-ci illərdə imzaladığı sərəncamlarla Hərbi Liseyin
yaradılmasının 25 və 30 illik yubileyləri dövlət səviyyəsində geniş qeyd
edilib. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham
Əliyevin Azərbaycanda nizami ordu quruculuğu, Silahlı Qüvvələrimizin hərbi qüdrətinin
artırılması, o cümlədən Hərbi Liseyin inkişafına göstərdikləri yüksək diqqət və
qayğını əks etdirən fotolar, sənədlər və nəşrlər nümayiş olunur.
Dövlət başçısı Hərbi Liseydə təhsil alan kursantların yaşayış və məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə inşa olunan dördmərtəbəli yataqxana korpusu ilə də
tanış oldu. Yeni tikilən binada konfrans zalı, ideoloji, məişət və digər
otaqlar zəruri avadanlıqla təchiz edilib. Yataqxanada kursantların qalması,
istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şərait var.
Liseydə üçmərtəbəli yataqxana korpusu da əsaslı təmir olunub.
Sonra Prezident İlham Əliyev Hərbi Liseyin klubunda yaradılan şəraitlə tanış
olub. Liseydə aparılan yenidənqurma və təmir işləri çərçivəsində klubun binası
da əsaslı təmir edilib. Klubun 350 yerlik binasında mədəni-maarif tədbirlərinin
keçirilməsi üçün bütün şərait var. Burada, eyni zamanda, ölkəmizin və liseyin həyatında
baş verən əlamətdar hadisələri qeyd etmək mümkündür.
Daha sonra dövlət başçısı kursant yeməkxanasında yaradılan şəraitlə maraqlandı.
İkimərtəbəli yeməkxana binası da əsaslı təmir olunub. Bütün avadanlıqla təchiz
edilmiş binada eyni vaxtda 600 kursant nahar edə bilər. Burada yemək zalı, mətbəx
və təsərrüfat otaqları, ərzaq və soyuducu anbarlar var. Dövlət başçısının
qayğısı sayəsində bu gün Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların
qidalanması məsələsinə də xüsusi diqqət yetirilir.
Hərbi Liseyin tədris korpusunda yaradılan şəraitlə tanış olan Prezident İlham
Əliyevə məlumat verilib ki, dördmərtəbəli bina da əsaslı təmir edilib. Burada tədris
prosesi Azərbaycan dili, ictimaiyyət, riyaziyyat, informatika, xarici dil və təbiət
fənn bölmələri üzrə həyata keçirilir. Korpusda fənn kabinetlərində, kimya və
fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması
üçün hər cür şərait yaradılıb.
Yenidənqurma işləri zamanı liseyin təntənəli mərasimlər, sıra təlimləri,
düzülüşlər, şəxsi heyətin sıra baxışı, döyüş və fiziki hazırlıq, eləcə də digər
tədbirlərin keçirilməsi üçün sahəsi üç min kvadratmetr olan sıra meydanı da
salınıb və tribuna inşa edilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti
sayəsində son illərdə Azərbaycan Ordusu istər döyüş qabiliyyətinə, istər
maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə dünyada
lider yerlərdən birini tutur. Bu, göstərir ki, Azərbaycanda ordu quruculuğuna
dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla
uğurla reallaşdırılır. Dövlətimizin başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün
milli ordumuzun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan
yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün ordumuz dünyanın ən güclü 50
ordusu sırasındadır.
Prezident, Ali Baş Komandan İlham Əliyev 26 iyun – Silahlı Qüvvələr Günü
münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarını və müəllimlərini
təbrik edərək deyib:
- Silahlı Qüvvələr Günü münasibətilə Sizi təbrik edir, hər birinizə uğurlar
arzulayıram. Arzu edirəm ki, siz gözəl hərbçi kimi özünüzü göstərəsiniz.
Bilirsiniz ki, bu məktəbin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun təşəbbüsü
ilə bu məktəb 1971-ci ildə yaradılmışdır. Ulu Öndər həmişə bu məktəbin fəaliyyətinə
böyük diqqət göstərmişdir. Hələ o vaxt bilirdi ki, bizə milli hərbçi kadrlar
lazım olacaq və belə də oldu.
Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim
ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək
səviyyədədir.
Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz
onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir.
Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır.
Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir.
Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır
olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək
və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək.
Bizim imkanlarımız artır, maddi vəziyyətimiz yaxşılaşır, orduya lazım olan
texnika, silah-sursat alınır, gətirilir. Bir sözlə, biz bütün bu işləri ona görə
edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək.
Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf
dayanıqlı olacaq.
Sizə - burada oxuyan kursantlara və çalışan müəllimlərə yeni uğurlar,
cansağlığı arzulayıram. Vətənin qorunması işində siz həmişə fəal olmalısınız və
öz gücünüzü göstərməlisiniz.
Sizi bir daha təbrik edirəm.
Bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir və sizə
yeni uğurlar arzulayıram. Sağ olun".
Sonda xatirə şəkli çəkdirilib.
ARB24