


Yay mövsümü
ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti işəgötürənlərin diqqətinə çatdırır ki, havanın
temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və
sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin
görülməsi təmin edilməlidir.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Əmək Məcəlləsinin
233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox
olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü
binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi
dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan
yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə
həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli,
boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi,
tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
İşçilərin həyat və sağlamlığının qorunması məqsədi ilə əməyin mühafizəsi tədbirlərinin
görülməsi, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu
hallarda bu məqsədlə zəruri işlərin aparılması qanunvericiliklə işəgötürənlərin
əsas vəzifələrindən biridir.
ARB 24