


Ermənistanın
silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal edilməsindən
26 il ötür.
Ərazisi 1050
kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın işğalı nəticəsində rayona 14
milyon dollardan çox ziyan dəyib.
Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı erməni
işğalından azad olunub. İşğaldan öncə rayonda 35 uşaq bağçası, 65 orta məktəb,
1 texniki peşə məktəbi, 73 xəstəxana və digər tibb müəssisəsi, 63 mədəniyyət
obyekti fəaliyyət göstərib.
Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın
yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal
olunmazdan əvvəl rayonun kənd təsərrüfatı əsasən üzümçülük, heyvandarlıq,
taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl
ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu
(60 km) keçir.
Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına
qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər
əlil olub.
1993-cü ilin avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan
Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd
və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin
işğalı altındadır. Füzulinin işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd
var.
Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və
məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə
51 min məcburi köçkün məskunlaşıb.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə
rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və
itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib,
1450 rayon sakini əlil olub.
ARB 24