


Avqustun
26-sı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanım
Mehriban Əliyevanın ad günüdür. Bu münasibətlə Trend İnformasiya Agentliyi
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək, ondan özü, fəaliyyəti,
ailəsi, onun həyati dəyərləri barədə danışmasını xahiş etmişdir.
ARB 24 olaraq Mehriban Əliyevanın Trend-ə
göndərdiyi məktubunu təqdim edirik.
- Əvvəlcə, bu günlərdə mənə ünvanlanmış təbriklərə görə hamıya ürəkdən dərin
minnətdarlığımı bildirirəm. Sizin səmimiyyət və mehribanlığınız, dəstək və
sevginiz məni dərindən təsirləndirib. Sadə əməyimi qiymətləndirən, ideallarıma
inanıb onu bölüşən hər kəsə minnətdaram. İstər ictimai, istərsə də dövlətçilik
fəaliyyətimdə daim çalışıram ki, sarsılmaz həqiqətlərə söykənim. Əxlaq və mənəviyyat,
insaniyyət və şəfqət, inam və məhəbbət, xeyirxahlıq və saf niyyətlər Yaradanın
hər birimizə bəxş etdiyi ən gözəl keyfiyyətlərdir.
Mən ənənəvi dəyərlərin əsas götürüldüyü Azərbaycanın ziyalı ailəsində dünyaya
göz açıb, boya-başa çatmışam. Bizi, gənc nəsli böyüklərin nüfuzunun və
davranışının ən yaxşı nümunə olduğu, ailənin hər bir kiçik üzvünə üzərinə düşən
məsuliyyəti daşımağın öyrədildiyi böyük və möhkəm ailədəki ab-hava
formalaşdırıb.
Yaşa dolduqca böyükləri, valideynləri anlamağa başladım, onlara sonsuz minnətdarlıq
hissi duydum. Çünki onlar həqiqətə və mənəviyyata can atmağı öyrətdilər. Onlar
öz varlığı ilə ləyaqət və şərəf hissinin hər şeydən üstün olduğunu aşıladılar.
Öyrətdilər ki, alicənablıq və dürüstlük, mənəviyyat və şəfqət, xeyirxah əməllər,
inam və məhəbbət – həqiqi xoşbəxtliyə və harmoniyaya aparan yoldur.
Məsuliyyət hissini, hər bir işin əvvəlindən maksimum nəticə əldə etməyə
çalışmağı, özünə tələbkar və intizamlı münasibəti mənə anam - nəcib, parlaq,
prinsipial, istedadlı, məğrur, son dərəcə gözəl bir xanım olan Aida
İmanquliyeva aşılayıb. Hər bir ədalətsizliyə qarşı barışmaz mövqedə dayanan,
işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz sədaqətli olan anam öz qısa həyatında
inanılmaz zirvələri fəth etdi. O, müasir ərəb ədəbiyyatının tədqiqi sahəsində
öz yeni elmi məktəbini yaratdı, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun ilk qadın direktoru oldu. Anam dünya şöhrətli alim idi, onun əsərləri
bu gün də elmi dairələrdə yüksək qiymətləndirilir. Lakin bununla yanaşı, o, hər
zaman adı böyük hərflərlə yazılan əsl Qadın olaraq qalırdı. Onun böyük sevən ürəyi,
incə və səxavətli qəlbi var idi. Anamı itirdiyim vaxtdan artıq 27 il ötür. Onun
yoxluğunu hər zaman hiss edirəm.
Atam akademik Arif Paşayev mənim üçün insanlıq, xeyirxahlıq və müdriklik
idealıdır. Onun elm və təhsil sahəsindəki nailiyyətləri haqqında çox yazılıb.
Atamın insani keyfiyyətləri – onun tükənməz nikbinliyi, başqalarının dərdinə şərik
olmaq, onları dəstəkləmək, hamı ilə dil tapmaq xüsusiyyəti, öz müsbət enerjisini
ətrafındakı bütün insanlarla bölüşmək istedadı, müdrikliyi və sonsuz
xeyirxahlığı mənim həyat amalımdır. O, uzun illərdir ki, Milli Aviasiya
Akademiyasına rəhbərlik edir. Tələbələrlə rektor arasında qarşılıqlı hörmət,
isti yoldaşlıq münasibətləri atamın yüksək şəxsi və peşəkar keyfiyyətlərinə
daha bir sübutdur.
Xoşbəxtəm ki, həyatımın böyük hissəsini müasir Azərbaycanın dahi şəxsiyyəti
Heydər Əliyevin yanında yaşamışam. Bu nəhəng şəxsiyyətə hədsiz ehtiram,
heyranlıq, pərəstiş və sevgi hissini ömrümün sonunadək yaşadacağam. Heydər
Əliyev güc və qüdrət, hədsiz intellekt, mətin iradə, yüksək əxlaq və ləyaqət,
sonsuz vətənpərvərlik, doğma torpağa və xalqa məhəbbət rəmzidir. O, əlçatmaz
ideal və mənim həyatımda əsas Müəllimdir.
Ailə mənim üçün, düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas
mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir.
Həyat yoldaşım Prezident İlham Əliyev 16 ildən çoxdur ki, xalqımıza xidmət
edir. Azərbaycanın qüdrətli, uğurla inkişaf edən, bütün dünyada nüfuz qazanan və
bizim – müstəqil Azərbaycan vətəndaşlarının haqlı olaraq qürur duyduğu bir ölkə
olması istiqamətində onun bütün nailiyyətləri öz xalqına təmənnasız sevgi və sədaqətinə
əsaslanır. Onun başlıca missiyası – hər zaman və hər yerdə Vətənimizin
maraqlarını qorumaqdır.
O, bu son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə öz xalqının dəstəyindən,
inamından və sevgisindən.
İnanıram ki, xoşbəxt şəxsi ailə həyatı, sevgi və qarşılıqlı hörmət ab-havası da
burada əvəzolunmaz rol oynayır.
Mən öz övladlarımla fəxr edirəm. İlk növbədə ona görə ki, onlar nəcib və ləyaqətli
insan kimi böyüyüblər. Onların hərəkətlərinə görə heç vaxt utanc və məyusluq
hissi keçirməmişəm. Çünki Leyla, Arzu və Heydər öz işinə, təhsilinə ciddi və məsuliyyətlə
yanaşır, ailə ənənələrini yüksək tutur, hörmət bəsləyir, onların dəqiq mənəvi
amalları var. Xoşbəxtəm ki, övladlarım xeyirxah və başqalarının dərd-sərinə
biganə qalmayan insanlardır. Mən onlara inanıram, çünki dürüstlük və ləyaqətlə
yanaşı, bu həyatda ən yaxşı bələdçi – insanlıq və şəfqətdir.
Mən nadir hallarda müsahibə verirəm və özüm haqqında danışmağı xoşlamıram. Həyatım
elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur
olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim
fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara
kömək etməyi bacarıramsa – bu, mənim üçün ən yüksək mükafatdır.
Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir.
Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas
qayəsinə çevrilməsidir.
Şübhəsiz ki, hər bir uğur və nailiyyət komanda işindən asılıdır. Fəxr edirəm
ki, bütün bu illər ərzində mənimlə çiyin-çiyinə parlaq, istedadlı, məqsədyönlü,
zəhmətsevər, həssas insanlar mənim məsləkdaşlarım, həmfikirlərim olublar.
Onların hamısına – uzun illər ərzində işlədiyim hər kəsə, bizim layihələrə və təşəbbüslərə
heç olmasa bircə dəfə qoşulanlara dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Ən yaxşı xüsusiyyətlərini əsrlər boyu qoruyub saxlamaq istedadına, qəhrəmanlığına,
doğma torpağa sədaqətinə, xeyirxahlığına və qəlbinin genişliyinə görə Azərbaycan
xalqına, ölkəmizin hər bir vətəndaşına səmimi qəlbdən minnətdarlığımı bildirirəm!
Qoy, Uca Allah hər birinizi və bizim gözəl Vətənimizi qorusun!
Sevgi və səmimiyyətlə, sizin Mehriban Əliyeva.
ARB 24 kollektivi Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edir və onun
ünvanına gələn çoxsaylı xoş və səmimi arzulara qoşulur.
ARB 24